İsrail hərbi hava qüvvələrinin və artilleriyasının Qəzza zolağının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində son sutka ərzində azı 6 fələstinli həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, aviazərbələrə məruz qalan Şeyx Radvan rayonundan üç nəfərin meyiti Əş-Şifa xəstəxanasına gətirilib. Qəzza şəhərinin tarixi mərkəzində yerləşən Hay əl-Dərəc məhəlləsinin atəşə tutulması nəticəsində yaralanan daha bir fələstinli isə xəstəxanada həyatını itirib. Əl-Bureyc qaçqın düşərgəsində də iki nəfər həlak olub.
Bildirilib ki, gün ərzində xəstəxanalara 20-dən çox yaralı çatdırılıb.
Nazirliyin hesablamalarına görə, 2025-ci il oktyabrın 11-də atəşkəs qüvvəyə mindikdən sonra İsrailin aviazərbələri və artilleriya atəşləri nəticəsində 1 614 nəfər həlak olub, 5 849 nəfər yaralanıb.
2023-cü ilin oktyabrından Qəzza zolağında münaqişənin kəskinləşməsi nəticəsində ümumilikdə 74 645 nəfər həyatını itirib, 175 978 nəfər isə yaralanıb.
