ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı Vaşinqtonun müdafiə etdiyi ölkələrdən hərbi xərclərin ödənilməsini tələb edəcəklərini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Tramp bildirib ki, ABŞ müharibə zamanı müdafiə etdiyi ölkələrdən çəkilən bütün hərbi xərcləri geri qaytarmağı istəyəcək. Onun sözlərinə görə, ABŞ olmasaydı, İsrail mövcudluğunu qoruya bilməzdi.
Körfəz ölkələri də ödəniş etməli olacaq
Trampın ödəniş tələb etməyi planlaşdırdığı ölkələr arasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Küveyt də var.
Lakin İsrail İrana qarşı müharibəyə ABŞ ilə birlikdə başlasa da, Körfəz ölkələri Vaşinqtonun hərbi planları barədə əvvəlcədən məlumatlandırılmadıqlarını bildirirlər. Həmin ölkələr İranın cavab hücumlarından da zərər çəkiblər.
İranla müharibə ABŞ-yə neçəyə başa gəlib?
ABŞ ordusunun məlumatlarına görə, müharibənin dəyəri oktyabrın ortalarına qədər 47 milyard dolları ötüb. Bu məbləğə Yaxın Şərqdəki ABŞ hərbi bazalarına dəymiş ziyanın bərpası xərcləri daxil deyil.
ABŞ Konqresinin Büdcə İdarəsi isə münaqişənin davam etdiyi hər ay üçün əlavə 2-3 milyard dollar xərc yaranacağını proqnozlaşdırıb.
Qeyd edək ki, Tramp daha əvvəl ilin sonundan sonra İsrailə ABŞ yardımının göstərilməyəcəyini də açıqlamışdı.
