Amerikalı supermodel Bella Hadid yeni sevgilisi ilə birlikdə çəkilmiş fotolarını ilk dəfə sosial şəbəkədə paylaşıb.
Ucnoqta.az xəbər verir ki, modelin yeni seçimi Koloradodan olan Neytan Leysidir. O, Bella Hadidin yaxın rəfiqəsi Reyçel Leysinin qardaşıdır. Neytan ailəsinə məxsus tikinti biznesi ilə məşğuldur və Krested-Butte şəhərində yaşayır.
Bella Hadid noyabrın 7-də Denverdə keçirilən “Colorado Avalanche” – “Detroit Red Wings” xokkey matçından sonra sevgilisi ilə fotolarını “Instagram” hesabında yayımlayıb.
Şəkillərdə cütlüyün tribunada birlikdə poza verdiyi, qucaqlaşdığı və bir-birinə qarşı səmimi münasibət nümayiş etdirdiyi görünür. Fotolardan birində Neytanın zarafatla modelin yanağından dişlədiyi də diqqət çəkib.
Matç xərçəng xəstəliyi ilə mübarizəyə dəstək məqsədilə keçirilən “Hockey Fights Cancer” xeyriyyə təşəbbüsü çərçivəsində təşkil olunub. Kampaniya onkoloji xəstəliklərdən təsirlənən insanlara dəstək göstərir və xərçəng araşdırmaları üçün vəsait toplayır.
Bella Hadid tədbirdə iştirak etmək imkanı yaratdığı üçün komandaya təşəkkür edib. O, həmçinin uzun müddətdir xokkeyə maraq göstərdiyini və Koloradonun onun üçün xüsusi yer olduğunu bildirib.
“Ruhən mən Koloradolu bir qızam”, – deyə model yazıb. Qeyd edək ki, Bella Hadid bu ştatda böyüyüb.
İzləyicilərin diqqətini çəkən digər məqam isə modelin yeni saç düzümü olub. Bella bu dəfə qısa və açıq rəngli saçlarla kamera qarşısına çıxıb.

