Məktəblərin başlaması ilə şagirdlərin hər gün daşıdığı çantaların çəkisi yenidən gündəmə gəlib. Mütəxəssislər ağır və düzgün istifadə olunmayan çantaların uşaqlarda bel, kürək, çiyin və boyun ağrılarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Ucnoqta.az bildirir ki, prof. Dr. Hamdi Nezih Dağdevirenin sözlərinə görə, ağır məktəb çantaları xüsusilə inkişaf dövründə olan uşaqların əzələlərinə əlavə yük yaradır. Çantanın uzun müddət düzgün daşınmaması isə duruş pozğunluqlarına səbəb ola bilər.
Mütəxəssis bildirib ki, çantanın çəkisi azaldıldıqdan sonra da ağrılar davam edirsə və ya getdikcə artırsa, buna laqeyd yanaşmaq olmaz. Belə hallarda həkimə müraciət etmək tövsiyə olunur.
Mütəxəssislər məktəb çantasının uşağın bədən çəkisinin 10 faizindən çox olmamasını məsləhət görürlər. Çantanın iki çiyinə bərabər yük paylayan, geniş qayışlı və kürəyə yaxın yerləşən modellərdən seçilməsi vacibdir.
Çantanın qayışları uşağın boyuna uyğun tənzimlənməli və yeriyərkən onun dik duruşuna mane olmamalıdır. Bəzi hallarda təkərli çantalardan da istifadə edilə bilər.
Uşağın daşıdığı yükün azaldılmasında yalnız valideynlərin deyil, məktəblərin də üzərinə məsuliyyət düşür. Şagirdlərin gün ərzində ehtiyac duymadığı kitab və digər ləvazimatları daim çantalarında daşımasının qarşısını almaq üçün məktəblərdə təhlükəsiz dolabların yaradılması və dərs cədvəllərinin buna uyğun hazırlanması təklif olunur.
Mütəxəssis ağır çantaların birbaşa skolioza səbəb olduğunu söyləməyin doğru olmadığını, lakin yanlış duruş vərdişlərinin zamanla onurğa sağlamlığına mənfi təsir göstərə biləcəyini qeyd edib.
Uşaqların düzgün oturma vərdişlərinə də diqqət yetirmək vacibdir. Planşetdən istifadə, dərs hazırlığı və televizora baxarkən uzun müddət yanlış vəziyyətdə oturmaq duruş pozğunluqlarını daha da dərinləşdirə bilər.
Valideynlərə uşaqların çantalarını mütəmadi yoxlamaq, lazımsız əşyaları çıxarmaq və davamlı ağrı şikayətləri olduqda həkimə müraciət etmək tövsiyə olunur.
