ABŞ qüvvələri İraqın Kürdüstan regionundan hərbi kontingentin çıxarılması çərçivəsində hava hücumundan müdafiə sistemlərini də sökməyə və ərazidən çıxarmağa başlayıb.
Ucnoqta.az xəbər verir ki, Əl-Hədət TV bu barədə məlumat verib. ABŞ-ın İraqdakı hərbi missiyasının sentyabrın 30-dək başa çatdırılması planlaşdırılır. ABŞ qüvvələrinin şimaldakı son mövqelərindən çıxarılması artıq başlayıb və hərbi texnikanın digər ölkələrə köçürülməsi davam edir.
Məlumata görə, İraq Kürdüstanında yerləşdirilmiş hava hücumundan müdafiə sistemlərinin, o cümlədən Patriot sistemlərinin çıxarılması da bu prosesin bir hissəsidir. Bu sistemlərin bir qismi artıq Ərbil ətrafındakı mövqelərdən götürülüb.
İraq rəsmiləri bildiriblər ki, ABŞ və beynəlxalq koalisiya qüvvələrinin ölkədən çıxarılması sentyabrın 30-dək tamamlanmalıdır. İraq isə hava məkanının müdafiəsi üçün ABŞ, Cənubi Koreya və Türkiyədən yeni sistemlər almağı planlaşdırır.
Məlumata əsasən, ABŞ hərbi texnikasının çıxarılması mərhələli şəkildə həyata keçirilir.
