Almaniyanın şərqində İraq vətəndaşı terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, Almaniya Baş Prokurorluğunun məlumatına görə, saxlanılma Brandenburq əyalətinin Barnim rayonunda federal polis və Federal Cinayət İşləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Şübhəli şəxs terror qruplaşması yaratmağa cəhd etməkdə, milli təhlükəsizliyə təhdid yaradan cinayətə hazırlıq görməkdə və silah qanunvericiliyini pozmaqda ittiham olunur.
İstintaqın məlumatına görə, o, “İslam Dövləti” terror təşkilatının ideologiyasını dəstəkləyib. 2025-ci ilin yazında şübhəli şəxs əlbir olduğu şəxslərlə birlikdə Almaniyada terror aktları planlaşdırmağa başlayıb. Bu məqsədlə odlu silah əldə etdiyi və Bremendə hücum etmək istədiyi kilsələrdən birini izlədiyi bildirilir.
Saxlanılan şəxsin bu gün istintaq hakiminin qarşısına çıxarılacağı və barəsində qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
