Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluşvilini xüsusilə külli miqdarda rüşvət almaqda təqsirli bilərək 13 il müddətinə azadlıqdan məhrum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb.
Qərarı hakim Nino Taraşvili elan edib.
İstintaqın məlumatına görə, Liluşvili biznesmenlərdən layihələrinin dəstəklənməsi müqabilində rüşvət alıb, dələduzluqla məşğul olan çağrı mərkəzlərinə himayədarlıq edib və onların fəaliyyəti barədə məlumatların açıqlanmaması qarşılığında pul götürüb.
Prokurorluğun məlumatına əsasən, o, həmçinin Tbilisi meriyasının yüksək vəzifəli şəxslərindən birinə müqavilələrin rəsmiləşdirilməsi üçün alınan “geri ödəmələr”lə bağlı pul müqabilində kömək edib.
İttihama görə, Liluşvili son bir neçə il ərzində ümumilikdə təxminən 3 milyon dollar məbləğində rüşvət alıb.
Ona qarşı irəli sürülən ittiham üzrə 11 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulurdu.
