ABŞ Sakit okeanda yerləşən Palau dövlətinin əsas limanını hərbi məqsədlər üçün yenidən qurmağı planlaşdırır. Bu isə yerli əhali arasında ölkənin mümkün böyük dövlətlərarası münaqişəyə cəlb olunacağı ilə bağlı narahatlıq yaradıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
Agentliyin məlumatına görə, Palau 2027-ci ildə ABŞ Silahlı Qüvvələrinin xaricdəki əsas tikinti meydançalarından birinə çevriləcək. Təxminən 500 milyon dollarlıq layihə çərçivəsində İkinci Dünya müharibəsi dövründə Yaponiya tərəfindən inşa edilmiş yararsız vəziyyətdəki körpünün yenidən qurulması nəzərdə tutulur. Körpü genişləndiriləcək və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin yan alması üçün uyğunlaşdırılacaq. Limanın dərinliyi də artırılacaq.
Bundan əlavə, ABŞ Palau ərazisində ağır hərbi-nəqliyyat təyyarələrinin qəbulu üçün aerodromu genişləndirir, hərbi radar stansiyası yerləşdirməyi və Dəniz Piyadaları Korpusu üçün təchizat anbarları yaratmağı planlaşdırır.
Təxminən 17 min nəfərin yaşadığı Palau əhalisi bu planlardan narahatdır. Avqust ayında 2 min imza toplanaraq ölkənin mümkün hərbi münaqişə zamanı təhlükəsizliyinə təminat verilməsi tələbi ilə parlamentə müraciət edilib.
Yerli analitik Ongərunq Kambes Kesoleyin sözlərinə görə, ABŞ hərbi infrastrukturunun genişləndirilməsi fonunda Palau sakinləri ölkələrinin mümkün münaqişədə hədəfə çevriləcəyindən ehtiyat edirlər.
