Böyük Britaniya hakimiyyəti İlon Maskın “X” platformasındakı paylaşımlarını ölkənin milli təhlükəsizliyinə mümkün təhdidlər baxımından izləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Qəzetin məlumatına görə, britaniyalı rəsmilər Maskın paylaşımlarını təhlil edib, həmçinin xarici dövlətlərin onunla əlaqədə olub-olmadığını araşdırıblar.
WSJ yazır ki, son 4,5 il ərzində heç bir ölkə Maskın diqqətini Böyük Britaniya qədər çəkməyib. İş adamı ölkənin miqrasiya səbəbindən öz kimliyini itirdiyini, vətəndaş müharibəsinin qaçılmaz olduğunu dəfələrlə yazıb və platformasından Britaniyanın miqrasiya əleyhinə sağçı Restore Britain partiyasını təbliğ etmək üçün istifadə edib.
Nəşrin qeyd etdiyi kimi, Maskın dəstəyi nəticəsində əvvəllər geniş tanınmayan siyasətçi Rupert Lou ictimaiyyət arasında tanınıb və sorğularda təxminən 5 faiz dəstək əldə edib. Mask isə açıq şəkildə Louya gələcək Böyük Britaniya lideri kimi baxdığını bildirib.
Bununla belə, London rəsmi tədbirlər görməmək qərarına gəlib. WSJ bunu Maskın dəstəklədiyi Donald Tramp administrasiyası ilə birbaşa qarşıdurmadan yayınmaq istəyi ilə əlaqələndirir.
