Avropa Komissiyası 13 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən, yeniyetmələr üçün isə giriş imkanlarını məhdudlaşdıran yeni qanun layihəsi irəli sürüb.
Ucnoqta.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “Kids Act” adlanan təşəbbüsü təqdim edib.
Təklifə əsasən, 13 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə icazə verilməyəcək. 13-15 yaş arası yeniyetmələr isə yalnız valideyn və ya qəyyum tərəfindən yaradılan və nəzarət edilən məhdud funksiyalı hesablar vasitəsilə platformalardan istifadə edə biləcəklər. Bu yaş qrupunda sosial şəbəkələrdən istifadənin gündə maksimum 1 saat olması nəzərdə tutulur.
15-18 yaş aralığında isə onlayn platformalar üçün uşaqların təhlükəsizliyini təmin edən xüsusi dizayn tələblərinin tətbiqi təklif olunur.
Yeni qaydaların sosial şəbəkələr, video xidmətləri, onlayn oyunlar və süni intellekt çat-botlarına da şamil edilməsi planlaşdırılır. Təklifin Facebook, Instagram və YouTube kimi platformalara da təsir göstərəcəyi bildirilir.
