Rusiyada doğum səviyyəsinin artırılması və çoxuşaqlı ailələrin dəstəklənməsi məqsədilə yeni maliyyə təşviqi tətbiq olunur.
Ucnoqta.az xəbər verir ki, 2027-ci il yanvarın 1-dən etibarən “Qəhrəman ana” fəxri adına layiq görülən qadınlara 1 milyon rubl məbləğində birdəfəlik ödəniş veriləcək.
“Qəhrəman ana” adına 10 və daha çox uşaq dünyaya gətirib böyüdən qadınlar layiq görülə bilər. Bununla yanaşı, status üçün müəyyən edilmiş digər şərtlər də mövcuddur.
Yeni qaydalara əsasən, “Valideyn şöhrəti” ordeni ilə təltif olunanlara 500 min rubl, həmin ordenin medalı ilə təltif edilənlərə 200 min rubl, “Qəhrəman ana” fəxri adına layiq görülənlərə isə 1 milyon rubl ödənilməsi nəzərdə tutulur.
Müvafiq layihə Rusiyanın federal normativ hüquqi aktlar portalında yerləşdirilib.
Beləliklə, yeni ödəniş mexanizmi çoxuşaqlı ailələrə əlavə maliyyə dəstəyi göstərməklə yanaşı, ölkədə doğum səviyyəsinin yüksəldilməsinə yönəlmiş tədbirlərdən biri kimi nəzərdə tutulur.
