Ukrayna hökuməti 2027-ci il üzrə dövlət büdcəsi layihəsini Ali Radaya təqdim edib.
Ucnoqta.az xəbər verir ki, layihədə müdafiə ehtiyacları üçün 4 trilyon 885 milyard qrivna (təxminən 109,6 milyard dollar) vəsait nəzərdə tutulub. Bu məbləğin ölkənin ÜDM-nin təxminən 44 faizinə bərabər olduğu bildirilir.
Ukrayna Baş naziri Sergey Koretski bildirib ki, sözügedən vəsait ölkənin müstəqillik tarixində müdafiə sahəsi üçün nəzərdə tutulan ən yüksək məbləğdir.
Baş nazirin sözlərinə görə, 2027-ci il üçün Ukrayna Silahlı Qüvvələrinin maliyyə ehtiyacları daha yüksəkdir. O qeyd edib ki, hərbi əməliyyatların maliyyə yükü artır və hökumət bu ehtiyacların tam qarşılanması üçün əlavə maliyyə mənbələri üzərində işləyir.
Bundan başqa, Kiyev beynəlxalq tərəfdaşlardan ən azı 1 trilyon qrivna (təxminən 22,4 milyard dollar) həcmində hərbi-texniki yardım gözləyir. Bu yardıma raketlər, silahlar, hərbi texnika və sursatın daxil olacağı bildirilir.
Koretski vurğulayıb ki, Ukraynanın daxili gəlirləri dövlət xərclərinin yalnız bir hissəsini qarşılaya bilər. Bu səbəbdən beynəlxalq tərəfdaşlarla əməkdaşlığın büdcənin maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
2027-ci il büdcə layihəsinin parlamentə təqdim edilməsi sentyabrın 15-dək olan qanuni müddətə uyğun həyata keçirilib. Layihə Ali Radada qeydiyyata alınıb, lakin təqdimat zamanı sənədin tam mətni hələ parlamentin saytında dərc edilməmişdi.
