Türkiyənin Zonguldak şəhərində 17 yaşlı qızlarını döyərək zəncirlədikləri iddia olunan ana və ata saxlanılıb və məhkəmə qərarı ilə həbs ediliblər.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı polisə məlumat daxil olduqdan sonra evə gələn jandarma əməkdaşları 17 yaşlı S.T.-ni zəncirlənmiş və əlləri qandallanmış vəziyyətdə aşkar ediblər. Gənc qız azad edilərək aidiyyəti qurumlara təhvil verilib.
Valideynlər – Sevil T. və Selahattin T. saxlanılaraq məhkəməyə göndəriliblər. Jurnalistlərin “Qızınızı siz zəncirləmisiniz?” sualına ata “Qızını döyməyən dizini döyər” cavabını verib. Ana isə ittihamları rədd edib.
17 yaşlı qız digər bacı-qardaşlarının da döyüldüyünü bildirib. Bundan sonra 5, 11 və 14 yaşlı üç uşaq da daxil olmaqla ailənin digər övladları dövlət tərəfindən himayəyə götürülüb.
Ana və ata “şəxsin azadlığından məhrum edilməsi” ittihamı ilə həbs olunublar. Məhkəmədə ana ittihamları qəbul etməyib. Atanın isə qızının psixoloji problemlərinin olduğunu və özünə zərər verə biləcəyindən ehtiyat etdiyi üçün onu zəncirlədiyini bildirdiyi qeyd olunub.
