Dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ucnoqta.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Nahid Şəmşirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla cəzası 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.
Bundan əvvəlki iclasda çıxış edən dövlət ittihamçısı Nahid Şəmşirovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, Nahid Şəmşirov Cinayət Məcəlləsinin 29, 178.2.1; 29, 178.2.2; 29,178.2.4; 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinir.
Nahid Şəmşirov keçmiş deputat, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur.
