35 yaşlı kolumbiyalı Lizbet Patinyo Boqotada 60 nömrəli marşrut üzrə hərəkət edən qırmızı TransMilenio avtobusuna aşiq olduğunu və onunla gizli şəkildə “evləndiyini” bildirib.
Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, qadın bu münasibəti rəsmiləşdirmək üçün ağ gəlinlik geyinib, tort və mirvari üzük alıb. Daha sonra yalnız bir qonağın iştirak etdiyi mərasim keçirib və avtobusla birliyini özünün təsdiqlədiyi sənəd hazırlayıb.
Patinyo “həyat yoldaşı”na daha yaxın olmaq üçün tibb bacısı işlədiyi xəstəxanadan ayrılaraq avtobus deposunda təmizlikçi kimi çalışmağa başlayıb. O, avtobusu qoruduğunu da deyir. Belə ki, bir dəfə sərnişinin avtobusun şüşəsini sındırmasına görə onunla mübahisə edib. Qadın ötən ay isə “sevgilisinin” şəklini döymə etdirib.
Patinyo hekayəsini ictimaiyyətə açıqlamasının səbəbini də bildirib. O, metro tikintisi ilə əlaqədar 60 nömrəli marşrutun ləğv ediləcəyindən narahatdır. Qadın bu məsələdə hüquqşünasların, hüquq müdafiə təşkilatlarının və oxşar münasibətlər yaşayan insanların dəstəyini almaq istəyir.
Qadın gələcəkdə adi bir kişi ilə münasibət qura biləcəyini istisna etmir. Lakin hazırda ürəyinin TransMilenioya aid olduğunu söyləyir.
Patinyonun sözlərinə görə, uşaqlıqdan obyektofiliya – insanın cansız əşya ilə güclü emosional bağ qurması ilə xarakterizə olunan parafiliya forması – müşahidə olunub. O, 10 yaşında ikən 2200 nömrəli şəhərlərarası avtobusa aşiq olduğunu və onun üçün məktublar yazdığını bildirib.
