Rumıniyanın paytaxtı Buxarestdə 20 minə yaxın sakin 12 sentyabrda uzunluğu 5 kilometr olan masanın arxasında bir araya gəlib.
Ucnoqta.az xəbər verir ki, “The Washington Post”un məlumatına görə, “Birləşmə masası” adlı xeyriyyə aksiyası şəhərin mərkəzində təşkil olunub. Tədbirin əsas məqsədi Ginnesin Rekordlar Kitabına düşməklə yanaşı, uşaq xəstəxanasının tikintisi üçün vəsait toplamaq olub.
Aksiya başa çatdıqdan sonra təşkilatçılara “təkrar emal olunmuş materiallardan hazırlanmış ən uzun masa” nominasiyası üzrə Guinness World Records sertifikatı təqdim edilib.
Tədbir çərçivəsində Rumıniyada ilk uşaq psixiatriya xəstəxanasının tikintisi üçün tələb olunan vəsaitin toplanmasına da nail olunub.
Qeyd edək ki, ötən il analoji rekord Alba-Yuliya şəhərində qeydə alınmışdı. Həmin vaxt uzunluğu 2,7 kilometrdən çox olan masa qurulmuşdu.
