Sentyabrın 7-dən 13-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə işləri zamanı 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina və 426 ədəd digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, hesabat həftəsində ümumilikdə 1348,9 hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib.
Minatəmizləmə tədbirləri ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, beş yerli təşkilat və bir qeyri-hökumət təşkilatının iştirakı ilə həyata keçirilib.
Əməliyyatlar Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini əhatə edib.
