Yeni dərs ilinin başlaması və havaların soyuması ilə uşaqlar arasında soyuqdəymə və qrip kimi xəstəliklərin artması gözlənilir. Mütəxəssislər bu dövrdə immuniteti gücləndirmək üçün düzgün qidalanma və yuxu rejiminə xüsusi diqqət yetirməyi tövsiyə edirlər.
Ucnoqta.az xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis Serpil Arslan mövsüm dəyişiklikləri və məktəblərin açılması ilə bağlı vacib tövsiyələr verib.
Həkim bildirib ki, uşaqların və böyüklərin günə enerjili başlaması üçün səhər yeməyi mütləq qəbul edilməlidir. Onun sözlərinə görə, səhər yeməyində zülal, karbohidrat və yağ balansı qorunmalıdır.
Arslan soyuq havalarda insanların su içmək istəyinin azalmasına baxmayaraq, orqanizmin suya olan ehtiyacının dəyişmədiyini vurğulayıb. O, gün ərzində kifayət qədər su qəbul etməyin vacibliyini qeyd edib.
Mütəxəssis həmçinin qidalanmada balıq, toyuq və ət kimi məhsullara üstünlük verilməsini, çay, qəhvə və qazlı içkilərin isə həddindən artıq qəbul edilməməsini tövsiyə edib.
Yuxu rejimi də mühüm amildir. Həkim həm uşaqlar, həm də böyüklər üçün gecə təxminən 8 saat fasiləsiz yuxunun orqanizmin müqavimətini qorumağa kömək etdiyini bildirib.
Bundan əlavə, mövsümə uyğun geyinmək, həddindən artıq isti və soyuğa məruz qalmamaq, qapalı və havasız məkanlarda uzun müddət qalmamaq tövsiyə olunur.
Xroniki xəstəlikləri olan şəxslərə isə bu dövrdə mütəmadi tibbi müayinələrdən keçmək, qan təzyiqi və qan şəkərinə nəzarət etmək, həkim təyin etdiyi dərmanların qəbulunu düzgün davam etdirmək tövsiyə edilir.
