Qadınlarda sol gözün qəfil seğirməsi ənənəvi inanclarda çox vaxt yaxşı əlamət kimi qəbul edilir.
Ucnoqta.az xəbər verir ki, “Times of India”nın yazdığına görə, astroloqlar belə halı xoş xəbər, emosional rahatlıq, maddi vəziyyətin yaxşılaşması və ya gözlənilməz dəstək ilə əlaqələndirirlər.
Astroloji inanclara görə, bədənin sol tərəfi qadın intuitiv enerjisini və qəbul etmə xüsusiyyətini simvolizə edir. Bu səbəbdən göz qapağının qeyri-iradi hərəkəti müsbət dəyişikliklərin xəbərçisi kimi şərh olunur.
Gözün hansı hissəsinin seğirməsi nə deməkdir?
Astroloqlar seğirmənin gözün hansı hissəsində baş verdiyinə də xüsusi məna verirlər:
Üst göz qapağı – cəmiyyətdə tanınmaq, taleyüklü görüş və ya özünəinamı artıracaq xəbər kimi yozulur.
Alt göz qapağı – dərin hisslər, ailə rahatlığı və yaxın insanla səmimi söhbətlə əlaqələndirilir.
Gözün kənar hissəsi – gözlənilməz hadisə və ya qəfil xəbərdən xəbər verə biləcəyi düşünülür.
Pul, sevgi və xoşbəxtlik
Ənənəvi inanclara görə, qadınlarda sol gözün seğirməsi maddi qazanc da vəd edə bilər. Bu, mütləq gözlənilməz sərvət demək deyil. Gözlənilən ödənişin alınması, işlə bağlı müsbət xəbər və ya uzun müddətdir həllini gözləyən maliyyə məsələsinin nəticələnməsi də bu əlamətlə əlaqələndirilir.
Subay qadınlar üçün bu hal bəzən yeni tanışlıq və ya haqqında düşündükləri şəxsdən xəbər almaq kimi yozulur. Münasibətdə olan qadınlar üçün isə partnyorla mühüm söhbət və münasibətlərdə qarşılıqlı anlaşmanın yaxşılaşması ilə əlaqələndirilir.
Günün vaxtı da əhəmiyyət daşıyır
Astroloji yozumlarda gözün hansı vaxtda seğirməsi də fərqli məna daşıyır:
Səhər – yeni xəbər və görüşlər;
Günorta – iş və maliyyə məsələləri;
Axşam və gecə – emosional və şəxsi mövzular.
Qeyd edək ki, bunlar astroloji və xalq inanclarına əsaslanan yozumlardır. Gözün tez-tez seğirməsi isə yorğunluq, stress, yuxusuzluq, çoxlu kofein qəbulu və digər fizioloji səbəblərlə də bağlı ola bilər.
