ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsinin funksiyalarını müəyyən müddət ərzində müxtəlif hökumət üzvlərinin yerinə yetirəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Tramp jurnalistlərlə söhbəti zamanı bildirib ki, Ağ Evin mətbuat katibi vəzifəsinə çoxsaylı namizədlər maraq göstərir. Onun sözlərinə görə, mümkün namizədlərin siyahısı həftəsonu ərzində hazırlana bilər.
Prezident qeyd edib ki, yeni mətbuat katibi müəyyənləşdirilənədək hökumət üzvlərinin xidmətlərindən istifadə olunacaq. O, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutnikin adlarını çəkib.
Tramp həmçinin təhsil naziri Linda MakMahonun da bu funksiyanı yerinə yetirə biləcəyini bildirib.
ABŞ Prezidenti vurğulayıb ki, Ağ Evin mətbuat katibi ilə bağlı yekun qərarı özü verəcək. Trampın sözlərinə görə, növbəti brifinqi dövlət katibi Marko Rubionun keçirməsi nəzərdə tutulur.
