ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə və dizel yanacağı istehsalına zərbələri dayandırmalı olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə İrlandiyadakı qolf klubunda jurnalistlərlə söhbəti zamanı danışıb.
“Zelenski bir iş görməlidir. O, Rusiyada dizel yanacağına zərbələr endirməyi dayandırmalıdır”, – deyə ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, bu cür hücumlar dünya bazarında dizel yanacağının çatışmazlığına səbəb ola bilər.
“Bu, çatışmazlığa gətirib çıxarır. Bu çatışmazlığa Yaxın Şərqdə baş verən hadisələr deyil, Rusiya və Ukraynada baş verənlər səbəb olur”, – Tramp qeyd edib.
ABŞ Prezidenti əlavə edib ki, bu məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə edib.
“Dizel yanacağına zərbə endirməyin, çünki bu, bütün dünyaya zərər verir. Biz onun dizel yanacağına zərbə vurmasını istəmirik”, – Tramp vurğulayıb.
