ABŞ Litvaya HIMARS yaylım atəş sistemlərinin tədarükünü gecikdirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Litva ordusunun komandanı general Raymundas Vaykşnoras bildirib.
Onun sözlərinə görə, tədarükün nə qədər gecikəcəyi hələ məlum deyil və bunun ABŞ-ın sənaye imkanları ilə bağlı olduğu ehtimal edilir. Litvalı hərbçilər artıq HIMARS sistemlərindən istifadə üzrə təlim keçiblər.
General bildirib ki, narahatlığa əsas yoxdur. Belə ki, Miçiqan Milli Qvardiyası ilə əldə olunan razılaşmaya əsasən, analoji sistemlərin müvəqqəti olaraq Litvada yerləşdirilməsi planlaşdırılır.
Litva 2022-ci ildə ABŞ-dan səkkiz HIMARS qurğusu almaq üçün 495 milyon dollarlıq müqavilə imzalayıb. 2026-cı ilin aprelində isə əlavə olaraq 280 milyon dollarlıq razılaşma əldə edilib. Vilnüs daha əvvəl sistemləri ilin sonunadək almağı planlaşdırırdı.
