Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun hazırkı yayılması ölkənin daha bir əyalətinə – Cənubi Ubangiyə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə əyalətin qubernator səlahiyyətlərini icra edən Jan-Rene Galekva Vundave bildirib. Onun sözlərinə görə, bir nəfər Ebola virusundan ölüb və diaqnoz laboratoriya müayinələri ilə təsdiqlənib.
Beləliklə, Cənubi Ubangi Ebolaya yoluxma və ölüm hallarının qeydə alındığı KDR-in yeddinci əyaləti olub.
“Moneyweb”in məlumatına görə, ölən şəxs 23 yaşlı kişi olub. O, ölümündən əvvəl KDR daxilində səfər edib, həmçinin Ruanda və Uqandada olub. Kişi həftənin əvvəlində Qvaka şəhərində dünyasını dəyişib.
KDR Milli Biotibbi Tədqiqatlar İnstitutu ölümün hazırkı Ebola epidemiyasına səbəb olan Bundibugyo virusu ilə əlaqəli olduğunu müəyyən edib. Cənubi Ubangi Ebolanın qeydə alındığı digər KDR əyalətləri ilə sərhəddə yerləşmir.
