“Sıfır kalori” qeyd olunan qazlı içkilər uzun müddətdir müzakirə mövzusudur. Bəziləri bu içkilərin şirin dadının iştahanı artıracağından və həddindən artıq yeməyə səbəb olacağından narahatdır. Lakin araşdırmalar göstərir ki, adi şəkərli qazlı içkiləri şəkər əvəzediciləri olan alternativlərlə əvəzləmək qidalanmada şəkərin miqdarını azaltmağa kömək edə bilər.
Ucnoqta.az xəbər verir ki, artıq çəkisi olan 493 yetkin insanın iki il ərzində müşahidə edildiyi araşdırmada şəkər əvəzediciləri olan içkilərin çəkiyə nəzarətdə adi su qədər təsirli ola biləcəyi müəyyən edilib. Şəkərsiz qazlı içkilər qəbul edən iştirakçılar orta hesabla 4,8 kiloqram, su içənlər isə 3,7 kiloqram çəki itiriblər. Bildirilib ki, əldə olunan nəticə mütəxəssis dəstəyi başa çatdıqdan bir il sonra da qorunub.
Şəkərsiz şirin içkilər iştahaya və çəkiyə necə təsir edir?
Arıqlamaq istəyənlərin əsas narahatlıqlarından biri aspartam, sukraloza və asesulfam kalium kimi aşağı kalorili şirinləşdiricilərin aclıq hissinə və maddələr mübadiləsinə mənfi təsir göstərməsi ehtimalıdır. Mənbədə qeyd olunan araşdırmada təhlükəsiz hesab edilən miqdarlarda bu içkiləri müntəzəm qəbul edən iştirakçılarla bağlı belə bir təsdiq əldə edilməyib.
İkiillik müşahidə zamanı hər iki qrupda bir sıra müsbət dəyişikliklər qeydə alınıb:
• Bel və bud çevrəsi kiçilib, yağ və əzələ toxumasının nisbəti yaxşılaşıb.
• Qan təzyiqi və xolesterin səviyyəsi normal qalıb, su və şəkərsiz qazlı içki qəbul edən qruplar arasında ciddi fərq aşkarlanmayıb.
• Şirniyyata meyl azalıb. Şəkərsiz içkilər qəbul edənlərdə şəkər istehlakı daha çox aşağı düşüb.
• Mütəxəssislərin nəzarəti başa çatdıqdan bir il sonra da itirilən çəkinin geri qayıtmadığı bildirilib.
Qruplar arasında çəki itkisi fərqi statistik baxımdan böyük hesab edilmədiyindən tədqiqatçılar hər iki nəticəni müqayisə edilə bilən qiymətləndiriblər. Əsas nəticə şəkərsiz qazlı içkilərin öz-özlüyündə mütləq şəkildə həddindən artıq yeməyə və çəki artımına səbəb olduğunun təsdiqlənməməsidir.
Niyə suyu tamamilə qazlı içkilərlə əvəzləmək olmaz?
Araşdırmanın nəticələri şəkərsiz qazlı içkilərin suyun tam əvəzi kimi qəbul edilməli olduğu anlamına gəlmir.
İlk növbədə, iştirakçılar yalnız içkilərini dəyişməyiblər, həm də qidalanma vərdişlərinin yaxşılaşdırılması proqramında iştirak ediblər. Buna görə şəkərsiz qazlı içkilərin təsiri sağlam həyat tərzinin bir hissəsi kimi qiymətləndirilməlidir.
Digər tərəfdən, həkimlər və Ümumdünya Səhiyyə Təşkilatı şəkər əvəzedicilərinə ehtiyatlı yanaşırlar. Bundan əlavə, ikiillik araşdırmanın sifarişçisi içki istehsalçılarını birləşdirən assosiasiya olub. Tədqiqat müəllifləri şirkətlərin hesablamalara və nəticələrə təsir göstərmədiyini bildirsələr də, bu amil nəticələri qiymətləndirərkən nəzərə alınmalıdır.
Şəkərsiz içkilərdən necə faydalanmaq olar?
Əgər yeməklə birlikdə şəkərli kola və ya qablaşdırılmış şirə içməyə öyrəşmisinizsə, birdən-birə yalnız suya keçmək çətin ola bilər. Belə hallarda şəkər əvəzediciləri olan içkilər şəkərdən və əlavə kalorilərdən imtina etməyə kömək edən aralıq seçim ola bilər.
Adi su içməkdə çətinlik çəkməyən və şirin qazlı içkilərə ehtiyac duymayan şəxslərin isə şəkərsiz içkilərə keçməsi vacib deyil.
Bu içkiləri sağlam qidalanmanı və su qəbulunu əvəz edən vasitə kimi deyil, şəkər istehlakını azaltmağa kömək edə biləcək alternativ kimi qiymətləndirmək daha məqsədəuyğundur.
