ABŞ-ın Tennessi ştatında qətl törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş 28 yaşlı Ceykob Morli həbsxanadan qaçıb.
Ucnoqta.az xarici mediaya istinadən xəbər verir ki, CNN-in ştatın Cəzaçəkmə Müəssisələri Departamentinə istinadən yaydığı məlumata görə, hadisə Tiptonvill şəhərində yerləşən “Northwest” islah kompleksində baş verib.
Həbsxana əməkdaşları Morlinin yoxa çıxdığını gecə saatlarında aşkarlayıblar. Müşahidə kameralarının görüntülərindən məhbusun həbsxananın ətraf hasarını aşaraq, həbsxana geyimində ərazini tərk etdiyi məlum olub.
Sonradan Tennessi İstintaq Bürosu (TBI) əldə etdiyi video görüntülər əsasında Morlinin ağ rəngli “Ford” markalı pikap avtomobilini qaçırdığını müəyyən edib. O, daha sonra həbsxanadan təxminən 24 kilometr aralıda yerləşən Hornbik yanğınsöndürmə məntəqəsinin yaxınlığında oğurlanmış avtomobili idarə edərkən görülüb.
Morli 2022-ci ilin fevralından itkin düşmüş Kodi Berçfildin birinci dərəcəli qətlində təqsirli bilinib. Berçfildin cəsədi itkin düşməsindən bir neçə həftə sonra Morlinin evinin altında, qutunun içərisində aşkarlanıb.
O, qətllə yanaşı, oğurluq, sübutların məhv edilməsi, həbsdən yayınma və vandalizm ittihamları üzrə də məhkum edilib. 2022-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşlarını evinin yaxınlığında görən Morli qaçmağa cəhd göstərib.
Tennessi İstintaq Bürosu Morlini ən çox axtarılan şəxslər siyahısına daxil edib. Onun tutulmasına kömək edəcək məlumat verənlərə 2 500 dollaradək mükafat vəd olunub.
