Alplarda yerləşən Randa kəndinin üzərində 250 min ton ağırlığında nəhəng buz kütləsi asılı vəziyyətdədir. Buz kütləsi tədricən vadiyə doğru hərəkət edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, təzə yağan qar vəziyyəti daha da ağırlaşdıra və ən pis halda faciəvi nəticələrə səbəb ola biləcək qar uçqununa gətirib çıxara bilər. Buzlaqda buz kütlələrinin hərəkətinin əhəmiyyətli dərəcədə sürətlənməsi hələ avqust ayında qeydə alınıb.
Ekspertlərin sözlərinə görə, hazırda buz kütləsi fasiləsiz hərəkətdədir və gündə 20 santimetrədək sürüşür.
“Bild” yazır ki, buz kütləsi daim nəzarətdə saxlanılır, kənddə təhlükə səviyyəsi isə artırılıb. Təxminən 450 nəfərin yaşadığı kənddə sakinlər mümkün təhlükəyə qarşı hazırlıq vəziyyətindədirlər.
Ekspertlər ən pis ssenarinin hələlik az ehtimallı olduğunu bildirsələr də, vəziyyət diqqətlə izlənilir.
