Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Liviyanın hava məkanı ilə bağlı 10 ildən artıq qüvvədə olan xəbərdarlıqları ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Birlik Hökumətinin nəzarətində olan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, oktyabrın 23-də 2013 və 2015-ci illərdən qüvvədə olan xəbərdarlıqların ləğvi Liviyanın beynəlxalq hava nəqliyyatında mövqeyinin bərpası istiqamətində mühüm addımdır. Qurum bunu aviasiya sektorunun inkişafı və uçuş təhlükəsizliyi standartlarının yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsi kimi qiymətləndirib.
Bildirilib ki, nazirlik xarici aviaşirkətləri ölkəyə cəlb etmək, Liviya hava məkanından istifadəni təşviq etmək və birbaşa uçuşları bərpa etmək məqsədilə beynəlxalq məlumatlandırma kampaniyası keçirməyi planlaşdırır.
Nəqliyyat naziri Məhəmməd əş-Şəhubi isə qeyd edib ki, Liviya aviaşirkətlərinə tətbiq olunan digər məhdudiyyətlərin aradan qaldırılması üçün beynəlxalq qurumlarla əməkdaşlıq davam etdiriləcək. Onun sözlərinə görə, ICAO-nun qərarı ölkənin mülki aviasiyasının inkişafı və regional, eləcə də beynəlxalq hava əlaqələrində rolunun bərpası üçün yeni imkanlar yaradır.
Qeyd edək ki, Liviyanın hava məkanında mülki aviasiya üçün təhlükə xəbərdarlıqları 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra ölkədə baş verən silahlı münaqişə və qeyri-sabitlik fonunda tətbiq edilmişdi.
