Yəmənin cənub-şərqində hökumət qüvvələri ilə baş verən döyüşlər zamanı husilərin təxminən 800 nəfəri əsir götürdüyü iddia olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə husilərin yaratdığı hərbi əsirlərlə iş üzrə komitənin rəhbəri Əbdül Qadir Murtada məlumat verib.
Onun sözlərinə görə, “Ənsar Allah” qruplaşmasının dəstələri Qırmızı dənizin qərb sahillərində keçirilən hərbi əməliyyat zamanı 800 nəfəri əsir götürüb.
Murtada əlavə edib ki, “Ənsar Allah”ın Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşat husilərə qarşı döyüşlərə cəlb edilmiş şəxslərə ümumi amnistiya elan edib. Amnistiyadan yararlanmaq istəyənlərdən silahlarını yerə qoyaraq evlərinə qayıtmaları tələb olunur.
Husilərin nümayəndəsi Yəməndəki münaqişənin həlli ilə bağlı regional təşəbbüslərə də münasibət bildirib. O, ərəb ölkələrinin “təcavüzün dayandırılmasına və Yəmənə qarşı blokadanın aradan qaldırılmasına” yönəlmiş istənilən səylərinin qəbul edildiyini və dəstəkləndiyini söyləyib.
