Böyük Britaniyanın Kent qraflığında ruhların yaşadığı iddia edilən bar satışa çıxarılıb. Söhbət Stelling Minnis kəndində yerləşən The George Inn pabından gedir.
Ucnoqta.az xəbər verir ki, “Metro” qəzetinin yazdığına görə, müəssisənin ziyarətçiləri artıq bir neçə ildir ki, vaxtaşırı at dırnaqlarının boğuq səslərini eşitdiklərini bildirirlər.
Bundan başqa, barın daxilində XVIII əsr geyimində bir kişinin və onun yanında “kabus qara it”in göründüyü iddia edilir.
Yerli sakinlər bu səsləri 1170-ci ildə Kenterberi kilsəsində Kenterberi arxiyepiskopu Tomas Beketi öldürən dörd cəngavərin ruhları ilə əlaqələndirirlər.
XIX əsrdə inşa edilmiş bina tarixi abidə statusuna malikdir və hərraca çıxarılıb. İlkin satış qiyməti 320 min funt sterlinq müəyyən edilib.
