2026-cı ilin ən bahalı toylarından biri Rusiyanın Nalçik şəhərində keçirilib. Keçmiş Kabardin-Balkar rəhbəri və milyarder Arsen Kanokovun oğlu Albertin Liliya ilə toy mərasiminə 620 qonaq qatılıb.
Ucnoqta.az xəbər verir ki, Mash-ın məlumatına görə, toyun ümumi xərci 100 milyon rubldan çox olub. Tədbir üçün Ridada rezidensiyası icarəyə götürülüb. 2 min kvadratmetrlik ərazi qonaqlar üçün kifayət etmədiyindən əlavə çadır da qurulub. Məkanın hazırlanmasına iki həftə vaxt sərf olunub, yalnız icarə haqqı ən azı 1,5 milyon rubl təşkil edib.
Ən böyük xərc isə dekorasiyaya çəkilib. Toy məkanının bəzədilməsinə təxminən 50 milyon rubl xərclənib. Zal canlı güllərlə bəzədilib, 40 metrlik yol tamamilə dekorasiya edilib. Bir stolun bəzədilməsinin qiyməti isə təxminən 80 min rubl olub.
Restoran xidmətlərinə və menyuya 8 milyon rubldan çox, VIP xidmətə isə daha 2 milyon rubl xərclənib. Toyda hər qonaq qrupu üçün ayrıca ofisiant xidmət göstərib.
Mərasimin çəkilişinə beş fotoqraf cəlb olunub və onların hər birinin köməkçisi olub. Bir fotoqrafın xidmət haqqının 100-170 min rubl arasında olduğu bildirilib.
Toyda Navai, Anna Asti, Maqamet Dzybov və digər sənətçilər çıxış edib. Artistlərin dəvətinə 20 milyon rubldan çox vəsait xərclənib. Qadın qonaqlara “Dolce & Gabbana” hədiyyə dəstləri təqdim olunub. Gənclərə dostları tərəfindən atəşfəşanlıq hədiyyə edilib. Toy tortu isə bir neçə metr uzunluğunda yarımdairə formasında hazırlanıb və moruqla bəzədilib.
Təşkilatçıların xidmət haqqının ümumi hazırlıq xərclərinin daha 10 faizini təşkil etdiyi qeyd olunur.
Toyun görüntüləri sosial şəbəkələrdə yayımlandıqdan bir neçə saat sonra şərhlər bağlanıb. Bildirilir ki, gəlin və bəy mərasimlə bağlı mənfi rəylərin qarşısını almaq üçün sosial şəbəkələrdə şərh imkanını məhdudlaşdırıblar.
