İngiltərədə yaşayan “Hugo” adlı at boyu ilə Guinness Dünya Rekordları Kitabına düşüb.
Ucnoqta.az xəbər verir ki, Northamptonshire bölgəsində saxlanılan 4 yaşlı atın boyu baytar tərəfindən ölçülüb və 1,99 metr olduğu təsdiqlənib. Bununla da “Hugo” dünyanın yaşayan ən hündür atı kimi rekorda imza atıb.
Atın sahibi Brett Masters bildirib ki, “Hugo” hələ böyüməkdə davam edir və qarşıdakı üç il ərzində daha da uzana bilər.
Onun sözlərinə görə, rekordçu at xüsusi qayğı ilə saxlanılır. “Hugo” mütəmadi olaraq masaj edilir, altı aydan bir diş həkiminə aparılır və böyümə prosesinə görə baytar nəzarətində olur. Bundan başqa, ata xüsusi qida proqramı tətbiq edilir və müxtəlif əlavələr verilir.
“Beşulduzlu həyat sürür, heç nədən məhrum deyil”, – deyə Masters bildirib.
Qeyd edək ki, tarixdə Guinness rekorduna düşən ən uzun və ən ağır at da İngiltərədə yaşayıb. “Sampson” adlı həmin atın boyu 1850-ci ildə 2,19 metr ölçülüb.
