Bu il sentyabrın 1-nə Azərbaycanda 1 722 227 vergi ödəyicisi olub.
Ucnoqta.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 4,7 % çoxdur.
Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,5 %, idarə, müəssisə və təşkilatların sayı isə 5,8 % artıb.
Bu il avqustun sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,6 % çox – 212 668 vahid təşkil edib.
Avqustda 1 114 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 85,4 %-i yerli, 14,6 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 79,7 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 96,6 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 %-i MMC formasında yaradılıb.
