Yaponiya hökuməti Okinava prefekturasında yeni qubernatorun seçilməsindən sonra ölkənin ən cənub bölgəsində, Şərqi Çin dənizində müdafiə hazırlıqlarını gücləndirməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Kyodo” informasiya agentliyi məlumat yayıb.
42 yaşlı Genta Kodzanın qubernator seçilməsi Tokioda təhlükəsizlik baxımından mühüm hadisə kimi qiymətləndirilir. Yeni qubernator mərkəzi hökumətlə, o cümlədən müdafiə məsələləri üzrə əməkdaşlığın tərəfdarıdır.
Yaponiya hökuməti xüsusilə Okinavanın cənub-qərbində yerləşən adaların müdafiəsinin gücləndirilməsini təxirəsalınmaz vəzifə hesab edir. Tayvana yaxın yerləşən bu ərazi son dövrlərdə Yaponiyanın müdafiə strategiyasında əsas istiqamətlərdən birinə çevrilib.
Bu çərçivədə Yonaguni, Miyako və İşigaki adalarında hərbi bazalar yaradılıb. Okinavanın əsas adasında yerləşən Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin 15-ci briqadasının da tərkibi genişləndirilərək diviziya səviyyəsinə çatdırılıb.
Bölgədə yeni gəmiəleyhinə və zenit-raket kompleksləri, eləcə də radioelektron mübarizə sistemləri yerləşdirilir. ABŞ dəniz piyadalarının mobil bölmələrinin də rotasiya əsasında burada yerləşdirilməsi nəzərdən keçirilir.
