İran Xarici İşlər Nazirliyi Avstriyanın İrandakı diplomatik nümayəndəliyinin rəhbərini çağıraraq, İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslaminin Vyanaya səfəri üçün viza verilməməsinə etirazını bildirib.
Ucnoqta.az xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Beqayi bildirib ki, İslami Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının 70-ci sessiyasında iştirak etmək üçün Avstriyaya getməli idi.
“Onlar bütün beynəlxalq qanunlara uyğun olaraq İran nümayəndə heyətinə viza verməli idilər. Biz dərhal tədbir gördük və etirazımızı bildirmək üçün Avstriyanın müvəqqəti işlər vəkilini çağırdıq”, – deyə Beqayi həftəlik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Vyananın viza verməkdən imtina etməsinin Vaşinqtonun təzyiqi ilə bağlı olması Avstriyanı bu addımına görə məsuliyyətdən azad etmir.
