Prostat sidik kisəsinin dərhal altında yerləşən və kişi reproduktiv sisteminin bir hissəsi olan kiçik vəzidir. Yaş artdıqca prostat vəzində böyümə müşahidə oluna bilər. Lakin bu, hər zaman xərçəng demək deyil. Xüsusilə yaşlı kişilərdə xoşxassəli prostat böyüməsinə tez-tez rast gəlinir.
Ucnoqta.az xəbər verir ki, uroloq Dr. İrfan Yıldırım Şentürkün sözlərinə görə, prostat xərçəngi isə prostat toxumasındakı hüceyrələrin nəzarətsiz şəkildə çoxalması nəticəsində yaranır və yaş artdıqca daha çox müşahidə olunur.
Bu əlamətlərə diqqət edin
Həkim bildirib ki, prostat xərçəngi erkən mərhələdə çox vaxt heç bir əlamət vermir. Lakin bəzi hallarda aşağıdakı şikayətlər ortaya çıxa bilər:
sidiyə çıxmaqda çətinlik;
sidik axınının zəifləməsi;
tez-tez sidiyə getmə;
sidikdə və ya spermada qan;
xəstəliyin irəliləmiş mərhələsində, xüsusilə sümüklərə yayıldıqda sümük ağrıları.
50 yaşdan sonra müayinələr vacibdir
Şentürk qeyd edib ki, xəstəlik erkən mərhələdə əlamətsiz keçə bildiyindən müntəzəm tibbi müayinələr böyük əhəmiyyət daşıyır.
Ümumilikdə 50 yaş və yuxarı kişilərin prostat xərçəngi baxımından qiymətləndirilməsi tövsiyə olunur. Ailəsində prostat xərçəngi olan kişilərdə isə müayinələrə daha erkən yaşlarda başlanması lazım gələ bilər.
Prostat xərçənginin qiymətləndirilməsində istifadə olunan əsas üsullardan biri PSA (prostat-spesifik antigen) qan testidir. Lakin PSA göstəricisinin yüksək olması avtomatik olaraq xərçəng diaqnozu demək deyil. Xoşxassəli prostat böyüməsi, prostat infeksiyası və digər səbəblər də PSA səviyyəsini yüksəldə bilər.
PSA göstəricisi yüksək çıxan şəxslərin uroloqa müraciət etməsi və həkimin təyin etdiyi əlavə müayinələrdən keçməsi vacibdir.
Həkim həmçinin daha əvvəl xoşxassəli prostat böyüməsinə görə əməliyyat olunan kişilərin də mütəmadi nəzarəti davam etdirməli olduğunu bildirib. Prostat əməliyyatı keçirilməsi gələcəkdə prostat xərçəngi yaranmayacağı anlamına gəlmir.
