Yeni araşdırmaya görə, sağlam və uzun ömür üçün yalnız gündəlik addım sayı deyil, yerimə tempi də mühüm rol oynayır.
Ucnoqta.az xəbər verir ki, British Journal of Sports Medicine jurnalında yayımlanan araşdırmada 64 743 orta yaşlı insanın fiziki aktivlik məlumatları təhlil edilib. Nəticələr göstərib ki, gündə 7 500–10 000 addım atmaq erkən ölüm riskinin ən çox azalması ilə əlaqələndirilir.
Bununla yanaşı, gündə ən azı 30 dəqiqə daha sürətli yerimək də əhəmiyyətli fayda verə bilər. Araşdırmada bu temp təxminən dəqiqədə 90 addıma uyğun olub.
Xüsusilə gündə 5 000-dən az addım atan və əsasən oturaq həyat tərzi keçirən insanlarda yerimə sürətinin artırılması həm ümumi, həm də ürək-damar xəstəlikləri ilə bağlı ölüm riskinin azalması ilə əlaqələndirilib.
Araşdırma göstərir ki, yavaş yeriyənlər isə daha çox addım atmaqla fiziki aktivliyin faydalarından yararlana bilərlər.
