Videooyunlar valideynlər arasında müzakirə olunan mövzulardan biri olaraq qalır. Bəziləri onları vaxt itkisi hesab edir, digərləri isə uşaqların daha az hərəkətli olacağından, özünə qapanacağından və cihazlardan asılılıq yaranacağından narahatdır. Lakin araşdırmalar videooyunların təsirinin daha mürəkkəb olduğunu göstərir.
Ucnoqta.az bildirir ki, “Good Housekeeping” nəşri videooyunlara fərqli yanaşmağı təklif edir. Belə ki, oyunlar təkcə ekran qarşısında keçirilən vaxta görə mübahisə mənbəyi deyil, həm də uşaqların inkişafı, ünsiyyəti və ailə ilə ortaq xatirələr yaratması üçün fürsət ola bilər.
ABŞ-da təxminən 12 min uşağın iştirak etdiyi genişmiqyaslı ABCD araşdırması göstərib ki, videooyun oynayan uşaqlar yaddaş və impulsiv reaksiyalara nəzarətlə bağlı bəzi tapşırıqları oyun oynamayan uşaqlardan daha yaxşı yerinə yetiriblər.
Vermont Universitetinin psixiatriya kafedrasının dosenti, tədqiqatçı Bader Çaarani bildirib ki, oyun oynayan uşaqlar müəyyən idrak tapşırıqlarını həm sürət, həm də dəqiqlik baxımından daha yaxşı yerinə yetiriblər.
Müasir oyunlar eyni vaxtda bir neçə obyektə diqqət yetirməyi, vəziyyəti tez qiymətləndirməyi, növbəti addımı planlaşdırmağı, dəyişikliklərə reaksiya verməyi və vacib detalları yadda saxlamağı tələb edir. Bu proseslər diqqət və təfəkkür bacarıqlarının məşqinə kömək edə bilər.
Bununla belə, tədqiqatçılar videooyunların uşaqları avtomatik olaraq daha ağıllı etdiyini iddia etmirlər. Oyun oynamaqla test nəticələri arasında əlaqənin aşkarlanması həmin fərqlərə məhz oyunların səbəb olduğunu sübut etmir. Uşaqların bacarıqlarına bir çox başqa amillər də təsir göstərə bilər.
Araşdırmada gündə üç saat və daha çox oyun oynamağın diqqət çətinlikləri və depressiya əlamətləri də daxil olmaqla, daha çox problemlə əlaqəli olduğu da müəyyən edilib. Lakin bu əlaqə oyunların həmin hallara birbaşa səbəb olduğunu göstərmir.
Minecraft və Mario: dostluq üçün yeni imkanlar
Valideynlərin narahatlıqlarından biri də videooyunların uşaqları yaşıdlarından uzaqlaşdırmasıdır. Lakin müasir oyunlar artıq yalnız ekran qarşısında tək oturmaqdan ibarət deyil.
Məsələn, “Minecraft” oyununda uşaqlar birlikdə virtual dünyalar yaradır, fəaliyyətlərini planlaşdırır, vəzifələri bölüşdürür və problemlərin həlli yollarını axtarırlar. Komanda oyunlarında isə razılığa gəlməyi, birgə hərəkət etməyi, başqalarının uğur və uğursuzluqlarına reaksiya verməyi öyrənə bilərlər.
Onlayn oyunlar uşaqlara eyni məkanda olmadan da ünsiyyət qurmaq imkanı verir. Onlar birlikdə oynadıqları oyundakı hadisələri ertəsi gün məktəbdə müzakirə edə bilərlər. Beləliklə, oyunlar uşaqlar arasında ünsiyyətin və ortaq maraqların yaranmasına kömək edə bilər.
Bununla yanaşı, onlayn dostluq ünsiyyətin digər formalarını tam əvəz etmir. O, mövcud münasibətləri tamamlaya, əlaqələrin qorunmasına və uşaqlarda müəyyən bir qrupa aid olmaq hissinin yaranmasına kömək edə bilər.
Virtual dünya stressi azaltmağa kömək edə bilər
Gərgin gündən sonra uşaqların da dincəlməyə və diqqətlərini başqa istiqamətə yönəltməyə ehtiyacı var. Bəzi uşaqlar kitab oxumağa və musiqi dinləməyə üstünlük verdiyi halda, digərləri sakit tempdə oynanan oyunlarla rahatlaşa bilər.
Bəzi oyunçular üçün oyunun süjetinə qərq olmaq gündəlik qayğılardan uzaqlaşmaq, digər iştirakçılarla ünsiyyət isə dəstək və bağlılıq hiss etmək imkanı yaradır.
Ancaq istirahətlə problemlərdən qaçmaq arasında fərq var. Uşaq oyundan sonra gündəlik fəaliyyətlərinə qayıdırsa, bu, bir vəziyyətdir. Oyun onun narahatlıq, kədər və ya münaqişələrlə mübarizə aparmasının yeganə yoluna çevrilirsə, vəziyyətə daha diqqətlə yanaşmaq və lazım gəldikdə mütəxəssis dəstəyi almaq vacibdir.
Videooyunlar uşaqları aqressivləşdirirmi?
Videooyunlardakı zorakılıq valideynləri narahat edən əsas məsələlərdən biridir. Lakin zorakı oyunların öz-özlüyündə hər bir uşaqda mütləq problemli davranışa səbəb olduğunu söyləmək üçün əsas yoxdur.
Aqressiv davranışa müxtəlif amillər təsir edə bilər. Davranışlarına nəzarət etməkdə çətinlik çəkən və ya digər risk amilləri olan uşaqlar üçün müəyyən məzmun əlavə mənfi təsir göstərə bilər.
Buna görə də bütün uşaqlar üçün eyni yanaşma uyğun deyil. Oyunun uşağın yaşına uyğunluğu, məzmunu, onun emosional reaksiyaları və oyun bitdikdən sonrakı davranışları nəzərə alınmalıdır.
Valideynlər unutmamalıdırlar ki, onlayn mühit həmişə təhlükəsiz olmur. Buna görə uşaqların hansı oyunları oynadığına, kimlərlə ünsiyyət qurduğuna və internetdə hansı məzmunla qarşılaşdığına diqqət yetirmək vacibdir.
