Təyyarəyə minərkən sərnişinlərin demək olar ki, həmişə sol tərəfdəki qapıdan istifadə etdiyini görmək mümkündür. Halbuki təyyarələrin sağ tərəfində də qapılar var. Bəs niyə sərnişinlər oradan təyyarəyə buraxılmır?
Ucnoqta.az xəbər verir ki, bunun əsas səbəbi hava limanındakı yerüstü xidmətlərin iş prosesidir.
Təyyarənin sol tərəfi əsasən sərnişinlərin giriş-çıxışı üçün nəzərdə tutulur. Sağ tərəfdə isə baqaj konveyerləri, yemək və içki gətirən avtomobillər, yanacaq dolduran maşınlar və digər texniki xidmət vasitələri işləyir.
Beləliklə, sərnişin axını ilə texniki işlər bir-birinə mane olmur. Məsələn, insanlar sol tərəfdən təyyarəyə minərkən, sağ tərəfdən baqaj və qida məhsulları eyni vaxtda yüklənə bilir.
İlk baxışdan hər iki tərəfdən sərnişin qəbul etməklə minmə prosesini sürətləndirmək mümkün görünsə də, bu, yerüstü xidmətlərin fəaliyyətini çətinləşdirə bilər. Texniki avtomobillərin sağ tərəfdən uzaqlaşdırılması baqajın və digər xidmətlərin gecikməsinə, nəticədə isə uçuşun yubanmasına səbəb ola bilər.
Sərnişinlərin daha sürətli təyyarəyə yerləşdirilməsi lazım gəldikdə isə başqa üsullardan istifadə edilir. Məsələn, bəzi hallarda təyyarənin sol tərəfində həm ön, həm də arxa qapıya trap qoşulur. Xüsusilə avtobuslarla sərnişinlərin gətirildiyi dayanacaqlarda bu üsuldan istifadə edilə bilər.
Lakin təyyarənin sağ tərəfindəki qapılar yalnız texniki məqsəd daşımır. Onlar həm də fövqəladə vəziyyət zamanı təxliyə çıxışlarıdır. Evakuasiya zamanı sərnişinlərin təhlükəsiz şəkildə təyyarədən çıxarılması üçün sağ tərəfdəki qapılardan da istifadə oluna bilər.
Bəzi hallarda əlil arabasından istifadə edən sərnişinlərin təyyarəyə rahat yerləşdirilməsi üçün sağ tərəfə xüsusi liftli nəqliyyat vasitəsi də gətirilə bilər.
Beləliklə, təyyarənin sağ qapılarının gündəlik sərnişin qəbulu üçün istifadə edilməməsi təsadüfi deyil. Bu yanaşma sərnişin axını ilə yerüstü xidmətlərin fəaliyyətini bir-birindən ayıraraq hava limanındakı proseslərin daha nizamlı aparılmasına imkan verir.
