Yaş artdıqca orqanizmin qida ehtiyacları da dəyişir. Təxminən 60 yaşdan sonra ürək-damar xəstəlikləri, qlükoza mübadiləsinin pozulması, böyrək problemləri və əzələ kütləsinin azalması riski artır. Buna görə mütəxəssislər gündəlik qidalanmaya daha diqqətlə yanaşmağı tövsiyə edirlər.
Ucnoqta.az “EatingWell”ə istinadən bildirir ki, bu yaşdan sonra məhdudlaşdırılması tövsiyə olunan qidalar arasında ultraemal olunmuş qəlyanaltılar xüsusi yer tutur. Buraya çips, şirin səhər yeməyi məhsulları və batonçiklər, peçenye, ponçik, hazır şirniyyatlar və konfetlər daxildir.
Çips, peçenye və şirin batonçiklər niyə zərərlidir?
Problem yalnız bu məhsulların yüksək kalorili olması ilə bağlı deyil. Onların tərkibində çox vaxt əlavə şəkər, rafinə edilmiş karbohidratlar və duz olur. Bu isə qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Yaş artdıqca orqanizmin qlükozanı effektiv şəkildə tənzimləməsi də çətinləşir.
Həkimin sözlərinə görə, şəkəri yüksək olan qəlyanaltılar yaşlı insanlar üçün xüsusilə problemli ola bilər.
Digər mənfi məqam isə bu məhsulların qida dəyərinin aşağı olmasıdır. Ultraemal olunmuş qidalar zülal, lif, vitamin və antioksidantlarla zəngin məhsulları rasiondan sıxışdırıb çıxara bilər. Halbuki zülal əzələ kütləsinin qorunması, lif isə həzm sisteminin normal fəaliyyəti üçün vacibdir.
Duzun həddindən artıq qəbulu da arterial təzyiqin yüksəlməsi, ürək-damar və böyrək problemləri ilə əlaqələndirilir.
Mütəxəssislər 60 yaşdan sonra menyuya balıq, paxlalılar, qoz-fındıq, toxumlar, tam taxıllı məhsullar, tərəvəzlər, göyərti, turşudulmuş və süd turşusu məhsulları, həmçinin zeytun yağı əlavə etməyi tövsiyə edirlər.
Qidalanma vərdişlərini dəyişməyə isə 60 yaşdan sonra deyil, daha erkən başlamaq məsləhətdir.
