Sevgi yaş fərqinə baxmasa da, tərəfdaşların həyata, karyeraya və gələcəyə fərqli yanaşması münasibətlərdə çətinliklər yarada bilər.
Ucnoqta.az xəbər verir ki, Psychology Today nəşri tərəfdaşlar arasında 10 və daha çox yaş fərqi olan cütlüklərin üzləşdiyi yeddi əsas problemi açıqlayıb.
2025-ci ildə aparılan araşdırmada 200 cütlük iştirak edib, 30 cütlüklə isə ətraflı müsahibələr keçirilib. Nəticədə bu münasibətlərdə qarşıya çıxan yeddi əsas çətinlik müəyyənləşdirilib:
1. Ünsiyyət fərqləri. Tərəfdaşlar hisslərini fərqli ifadə edə, mesajları müxtəlif cür anlaya və münaqişələri fərqli yollarla həll etməyə çalışa bilərlər.
2. Emosional yetkinlik. Yaşca böyük tərəfdaşın təcrübəsi cəlbedici olsa da, emosional yetkinlik səviyyəsindəki fərqlər məyusluğa səbəb ola bilər.
3. Güc balansının pozulması. Tərəfdaşlardan birinin daha çox qazanması və maliyyə qərarlarını təkbaşına verməsi digərinin özünü asılı hiss etməsinə gətirib çıxara bilər.
4. Həyat məqsədlərinin fərqlənməsi. Tərəflərdən biri karyera qurmağa və səyahətə üstünlük verdiyi halda, digəri sabitlik, ailə həyatı və ya pensiya barədə düşünə bilər.
5. Emosional tükənmə. Yaşca böyük tərəfdaşın ciddi sağlamlıq problemləri gənc tərəfin üzərinə əlavə qayğı və uşaq tərbiyəsi məsuliyyəti qoya bilər.
6. Ətrafdakıların qınağı. Qeybət, stereotiplər və ailə üzvləri ilə dostların narazılığı münasibətlərdə əlavə stress yarada bilər.
7. Gender stereotipləri. Cəmiyyətdə kişinin qadından yaşca böyük olduğu münasibətlərə daha müsbət yanaşıla bilər. Qadının yaşca böyük olduğu cütlüklər isə daha sərt qınaqla üzləşə bilər.
Nəşrin məlumatına görə, yaş fərqi münasibətlərin gələcəyini təkbaşına müəyyən etmir. Açıq ünsiyyət, qarşılıqlı hörmət, şəxsi sərhədlərə riayət və gələcəyə dair ortaq baxış bu çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər.
