Alimlər bəzi insanların çox qidalanmalarına baxmayaraq niyə kökəlmədiklərini izah edə biləcək genetik xüsusiyyət aşkarlayıblar. Araşdırmaya görə, FNIP1 geninin nadir variantı bədəndə yağ ehtiyatlarının azalması, qanda şəkər səviyyəsinin aşağı olması və qaraciyərin daha sağlam vəziyyəti ilə əlaqəlidir. Bu genetik xüsusiyyət təxminən hər 7 min insandan birində müşahidə olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Futura Sciences” nəşri məlumat yayıb.
Tədqiqatçılar enerji balansının, yağ yığılmasının və maddələr mübadiləsinin tənzimlənməsində iştirak edən 59 gen müəyyən ediblər. Onlardan 23-ü piylənməyə qarşı dərmanların hazırlanmasında hədəf kimi istifadə olunur və ya klinik sınaqlarda araşdırılır.
Alimlərin diqqətini xüsusilə hüceyrələrdə enerji sərfiyyatının tənzimlənməsində iştirak edən FNIP1 geni cəlb edib. Bu genin fəaliyyətini zəiflədən nadir varianta sahib insanlarda bədən çəkisi və yağ faizi daha aşağı olub. Onlarda qanda qlükoza və lipidlərin səviyyəsi də aşağı, qaraciyərdə isə yağ yığılması daha az müşahidə edilib.
FNIP1 geninin fəaliyyətinin insan qaraciyər hüceyrələrində zəiflədilməsi yağların parçalanmasına və hüceyrələrin maddələr mübadiləsi nəticəsində yaranan məhsullardan təmizlənməsinə cavabdeh genləri aktivləşdirib.
Tədqiqatçılar FNIP1 genini piylənmə və maddələr mübadiləsi pozuntularına qarşı yeni dərmanların hazırlanması üçün perspektivli hədəf hesab edirlər. Gələcəkdə bu istiqamətdəki tədqiqatlar diabet və ürək-damar xəstəliklərinin müalicəsinə də töhfə verə bilər.
Bununla belə, genin fəaliyyətinin zəiflədilməsinin insanlarda nə dərəcədə effektiv və təhlükəsiz olacağını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.
