97
Azərbaycanda internet tariflərinin yenidən artırılması təşəbbüsünə razılıq verilməyib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Aztelekom”un minimum internet sürətinin və buna uyğun aylıq ödənişin artırılması barədə müraciətini rədd edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz açıqlama verib.
“Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan “Aztelekom” internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi “ekspertlərin” yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar.
Açıq-aşkar görünürdü ki, növbəti qiymət artımı üçün ictimai zəmin hazırlanır.
İndi isə məlum olur ki, Antiinhisar təbii inhisarçı olan “Aztelekom”un minimal sürəti və buna uyğun qiyməti artırmaq müraciətinə razılıq verməyib.
Əlbəttə, Antiinhisarın bu qərarı ədalətli və qanunauyğun, məntiqli bir yanaşmadır.
Çünki rəsmi statistika da göstərir ki, hazırda 90%-dən çox istifadəçi elə 100 Mbit/s üzərində “oturub”. Yəni böyük əksər istiafdəçilərin minimal sürəti artırmaq deyə bir tələbatı yoxdur.
Provayderlərin hazırda da təklif etdikləri 200 Mbit/s və daha yuxarı sürətlərdən çox cüzi sayda insan istifadə edir.
Necə deyərlər, bu dəfə Aztelekom üçün “sürəti artırırıq” arqumenti ilə minimum ödənişi də artırmaq mümkün olmayıb”.
Xatırladaq ki, 15 avqust 2024-cü ildə minimum internet paketi 40 Mbit/s sürət və 18 manatlıq tarifdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə keçirilmişdi. Nəticədə minimum aylıq ödəniş təxminən 39 faiz artmışdı.
