İnsan xəstələndikdə bədən temperaturunun yüksəlməsi qızdırma adlanır. Bu zaman halsızlıq, üşütmə və bədəndə ağrı hissi yarana bilər. Əslində isə temperaturun yüksəlməsi orqanizmin infeksiyaya qarşı müdafiə reaksiyalarından biridir.
Ucnoqta.az xəbər verir ki, virus və ya bakteriyalar orqanizmə daxil olduqda immun sistemi dərhal reaksiya verir.
İmmun hüceyrələri pirogenlər adlanan maddələr ifraz edir. Bu maddələr qan dövranı vasitəsilə beynin temperaturun tənzimlənməsinə cavabdeh hissəsi olan hipotalamusa çatır.
Hipotalamus orqanizmin temperaturunu tənzimləyən termostat kimi fəaliyyət göstərir. Pirogenlərin təsiri nəticəsində temperaturun tənzimlənmə həddi yüksəlir və bədən daha çox istilik yaratmağa başlayır.
Pirogenlər nədir?
Əsas pirogenlərdən biri interleykin-1 (IL-1) maddəsidir. Onu makrofaqlar, yəni orqanizmə daxil olan yad mikroorqanizmlərlə mübarizə aparan immun hüceyrələri istehsal edir.
Makrofaqlar virus və ya bakteriya ilə qarşılaşdıqda IL-1 ifraz edir. Bu maddə digər immun hüceyrələrini aktivləşdirməklə yanaşı, hipotalmusa təsir edərək bədən temperaturunun yüksəlməsinə səbəb olur.
Temperaturu nə vaxt salmaq lazımdır?
Qızdırma orqanizmin infeksiyaya qarşı təbii müdafiə mexanizmlərindən biridir. Temperatur yüksəldikdə bəzi mikroorqanizmlərin çoxalması çətinləşir və immun sisteminin fəaliyyəti güclənə bilər.
Bununla belə, çox yüksək temperatur təhlükəli ola bilər. Buna görə qızdırmanın nə vaxt və hansı üsulla salınması insanın yaşından, ümumi vəziyyətindən və temperaturun səviyyəsindən asılıdır.
Xüsusilə yüksək temperatur uzun müddət davam edirsə və ya ciddi halsızlıq, nəfəs darlığı, huşda dəyişiklik, qıcolma kimi əlamətlər yaranırsa, həkimə müraciət etmək lazımdır.
Yəni temperaturun yüksəlməsi təsadüfi proses deyil – bu, orqanizmin infeksiyaya qarşı mübarizəsinin mühüm hissəsidir.
