İş tempinə görə idmana vaxt ayıra bilməyənlər üçün yaxşı xəbər var. Yaponiyada getdikcə populyarlaşan “interval yerimə” üsulu uzun müddətdir qəbul edilən yanaşmaları dəyişir.
Ucnoqta.az bildirir ki, bu metod həm vaxta qənaət etməyə, həm də fiziki aktivliyi daha səmərəli etməyə imkan verir.
“10 min addım” qaydası arxa plana keçir
“10 min addım” qaydası sağlam həyat tərzi deyiləndə ilk ağıla gələn tövsiyələrdən biridir. Bununla belə, mütəxəssislər gün ərzində 8 500 addım atmağın da kifayət qədər faydalı ola biləcəyini bildirirlər. Bu müzakirələrin fonunda uzunömürlülükləri ilə tanınan yaponların tətbiq etdiyi interval yerimə üsulu diqqət çəkir.
Vaxt çatışmazlığından şikayət edən şəhər sakinləri üçün nəzərdə tutulan bu yanaşma idman zalına getmədən də fiziki aktivliyi artırmağa imkan verir.
Interval yerimə nədir?
Yaponiyada populyarlaşan “interval yerimə” (Interval Walking) müəyyən müddətlər ərzində sürətli və yavaş addımlamanın növbə ilə həyata keçirilməsinə əsaslanır. Məqsəd ürək döyüntülərini nəzarətli şəkildə artırıb azaltmaqdır. Bu ritmik dəyişiklik fiziki hazırlığın və dözümlülüyün inkişafına kömək edir.
Metabolizmə təsiri
Bu texnika adi yerimədən fərqli olaraq daha intensiv fiziki aktivlik yaradır. Ürək-damar sisteminin fəaliyyətini dəstəkləməklə yanaşı, dözümlülüyün artırılmasına və enerji sərfiyyatının yüksəlməsinə kömək edə bilər.
Üsulun əsas üstünlüklərindən biri onun sadə olmasıdır. Lakin fiziki hazırlıq səviyyəsindən və sağlamlıq vəziyyətindən asılı olaraq məşqin intensivliyi fərqli seçilməlidir.
