İtaliyanın Daxili İşlər Nazirliyi yanacağın bahalaşmasına etiraz olaraq avtomobil yollarında keçirilən qanunsuz aksiyaların iştirakçılarını yoxlamağa başlayıb.
Ucnoqta.az xəbər verir ki, Corriere della Sera qəzetinin nazirlikdəki mənbələrə istinadən yaydığı məlumata görə, yük maşını sürücüləri əsasən ölkənin cənubundakı Kampaniya bölgəsində yoxlanılır.
Hüquq-mühafizə orqanlarına yük maşınlarının toplandıqları ərazilərdən hərəkət etdikləri marşrut boyunca müşayiət olunması tapşırılıb. Daxili İşlər Nazirliyi etiraz aksiyalarının təşkilində cinayətkar qruplaşmaların iştirak edə biləcəyindən ehtiyat edir.
Tətillər nəticəsində ölkənin cənub bölgələrində, Neapolda və Siciliya adasında supermarketlərdə ərzaq qıtlığı yaranıb, bəzi yanacaqdoldurma məntəqələrində isə yanacaq tükənib.
Neapol və Bari şəhərlərinin hakimiyyət orqanları zibilin daşınmasında fasilələrin yarandığını bildiriblər. Qeyd edək ki, 2008-ci ildə Neapolda baş verən “zibil böhranı” Romano Prodinin hökumətinin süqutuna səbəb olmuşdu.
Neapol və Bari də daxil olmaqla, cənubdakı bir neçə hava limanında aviasiya yanacağının çatışmazlığı barədə məlumat verilir. Neapolda isə ictimai nəqliyyatın hərəkətində problemlərin yarana biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
