Böyük Britaniya ordusuna büdcəyə qənaət etmək məqsədilə planlaşdırılan bütün iri hərbi təlimlərin ləğv edilməsi barədə göstəriş verilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yüksək rütbəli hərbi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, 30 milyon funt sterlinqə (40,6 milyon dollar) qənaət etmək üçün 90-dan çox hərbçinin iştirakı nəzərdə tutulan bütün təlimlər dayandırılıb. Bu cür fəaliyyət dərhal dayandırılmalıdır.
Qəzetin məlumatına görə, Uelsdə “Challenger 2” tankları və “Apache” zərbə helikopterlərinin iştirakı ilə keçiriləcək altı həftəlik döyüş atışları da daxil olmaqla genişmiqyaslı hərbi təlimlər ləğv edilib. Bu təlimlərlə bağlı ehtiyatda olan hərbçilərin hazırlığı da son anda dayandırılıb.
Nəşr qeyd edir ki, tammiqyaslı hazırlığı yalnız yaxın zamanda yerləşdirilməsi planlaşdırılan, yüksək hazırlıq vəziyyətində olan və ya çevik reaksiya funksiyalarını yerinə yetirən bölmələr davam etdirəcək.
