2026-cı ilin ilk 9 ayında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb.
Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə 191 ölkədən 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana səfər edib.
Gələnlərin əksəriyyəti Rusiya və Türkiyə vətəndaşları olub. Ümumi sayın 27,1 faizi Rusiyanın, 19,4 faizi isə Türkiyənin payına düşüb. İran vətəndaşları 7,7 faizlə üçüncü yerdə qərarlaşıb. Gürcüstan, Qazaxıstan, İsrail və Pakistan vətəndaşları da ölkəmizə gələnlər arasında üstünlük təşkil ediblər.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb.
Bunun əksinə, körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 5,5 faiz azalaraq 820,3 min nəfər olub.
Azərbaycana səfər edənlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib. Gələnlərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
