Son bir-iki ildə Bakının şəhərsalma siyasəti sahəsində baş verənlər getdikcə daha çox sual doğurur və bunlara məntiqli izah tapmaq getdikcə çətinləşir. Dövlət məmurlarının bəyan etdikləri ilə şəhər sakinlərinin reallıqda gördükləri arasında isə açıq-aşkar uçurum yaranıb.
Ucnoqta.az xəbər verir ki, bu fikirləri memar, professor Elçin Əliyev bildirib. Elçin Əliyev qeyd edir ki, cəmi bir neçə ay əvvəl, yeni qəbul edilmiş «Bakı-2040» Baş Planının tələbləri kobud şəkildə pozularaq, Üzeyir Hacıbəyli küçəsində – beş mərtəbədən hündür binaların tikintisinin QADAĞAN OLUNDUĞU, «Mərkəzi rayon» adlandırılan ərazinin qırmızı mühafizə zonasında iki 28 mərtəbəli «Nasimi Towers» qülləsinin tikintisinə başlanılıb!
“Dünən qohumlarımın evində qonaq idim. Eyvana çıxanda gördüyüm mənzərədən sözün əsl mənasında heyrətə gəldim: cəmi bir il əvvəl yaşıllıq olan və yeni «Bakı-2040» Baş Planına əsasən, 28 May küçəsindən «Ritz-Carlton» otelinədək park və yaşıl bulvarın salınması üçün nəzərdə tutulan nəhəng ərazi (Baş Planın sxemlərinə baxın) bu gün gələcək yeni tikililər üçün qazılmış iri tikinti çalaları ilə doludur! Belə bir şey necə mümkündür?! O zaman «Bakı-2040» Baş Planı ümumiyyətlə nəyə lazımdır? Əgər parklar və yaşıllıq zonaları üçün nəzərdə tutulmuş ərazilərdə çox keçmədən növbəti binaların tikintisi üçün çalalar qazılmağa başlanırsa, dövlət bu Baş Planın hazırlanmasına niyə illər sərf edib, mütəxəssislər cəlb edib, tikinti zonalarını, yaşıllıq ərazilərini, binaların hündürlüyünə qoyulan məhdudiyyətləri təsdiqləyib və bu sənədi ictimaiyyətə paytaxtın qarşıdakı onilliklər üçün inkişaf strategiyası kimi təqdim edib?”.
Memar bildirir ki, belə çıxır ki, Bakıda ümumiyyətlə heç bir şəhərsalma planlaşdırılması mövcud deyil:
“Yalnız gözəl sxemlər, təqdimatlar və cəmiyyətə verilən vədlər var – bunlara on milyonlarla manat xərclənir, sonra isə qərarları, görünür, öz «baş planı» olan şəxslər qəbul edirlər. Bu nə ikiüzlülükdür! Bu, cəmiyyətə qarşı necə bir hörmətsizlik və dövlət hakimiyyətinin nüfuzuna necə bir zərbədir! Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məmurlarının Bakı sakinlərinə «Bakı-2040» Baş Planı ilə əslində nə baş verdiyini və niyə məhz həmin Baş Planla tamamilə başqa təyinat müəyyən edilmiş ərazilərdə tikinti işlərinin aparıldığını açıq şəkildə izah etmələrinin vaxtı çatıb!”.









