Almaniyanın avtomobil nəhəngi “Volkswagen”in Müşahidə Şurası şirkətin idarə heyətinin təklif etdiyi restrukturizasiya planını təsdiqləyib.
Ucnoqta.az DPA-ya istinadən xəbər verir ki, “Gələcək planı – 2030” adlı proqram çərçivəsində şirkət qarşıdakı illərdə daha 50 min iş yerini ixtisar etməyi planlaşdırır.
Məlumata görə, Müşahidə Şurası uzun və konstruktiv müzakirələrdən sonra planı yekdilliklə təsdiqləyib. Sənəddə qrup üzrə işçi sayının dünya miqyasında təxminən 50 min nəfər azaldılması nəzərdə tutulur. Şirkət bu addımın transformasiya proqramının hədəflərinə çatmaq üçün zəruri olduğunu bildirib.
Bundan başqa, “Volkswagen”in 4 zavodunun bağlanması təhlükəsi yaranıb. Söhbət Emden, Zvikau, Hannover və Nekkarzülmdəki müəssisələrdən gedir.
Şirkət həmin zavodlarda 2031-2034-cü illərdən başlayaraq istehsal güclərinin rəqabətqabiliyyətli səviyyədə yüklənməsinə zəmanət verməyin mümkün olmadığını açıqlayıb. Müəssisələr üçün alternativ istifadə imkanlarının da araşdırılacağı bildirilib.
Avropadakı zavodlar üçün 2027-ci ilin iyunun sonunadək dayanıqlı və rəqabətqabiliyyətli istehsal strukturunun yaradılması konsepsiyası hazırlanmalıdır. Plan həmçinin Volkswagen-in model çeşidinin təxminən 50 faiz azaldılmasını nəzərdə tutur.
Restrukturizasiya ilə bağlı xərclərin 10 milyard avroyadək çatacağı gözlənilir.
“Volkswagen” bildirib ki, yeni plan konsernin və onun brendlərinin daha səmərəli, rəqabətqabiliyyətli və gələcəyə yönəlmiş fəaliyyət göstərməsi üçün şərait yaradacaq.
Almaniyanın IG Metall həmkarlar ittifaqı və konsernin ümumi istehsalat şurası isə qərarla bağlı ilk açıqlamalarında bunun münaqişənin daha da kəskinləşməsinin qarşısını aldığını vurğulayıblar.
