Gecə yuxusunun müddəti orqanizmin özünü yeniləməsi ilə yanaşı, ürək-damar sağlamlığı baxımından da böyük əhəmiyyət daşıyır. Mütəxəssislər xroniki yuxu çatışmazlığının zamanla arterial təzyiqə nəzarəti çətinləşdirə biləcəyi barədə xəbərdarlıq edirlər.
Ucnoqta.az xəbər verir ki, kardioloq Emrah Özdemir bildirib ki, yuxu zamanı ürək döyüntülərinin və qan təzyiqinin təbii şəkildə azalması gözlənilir. Kifayət qədər yuxu olmadıqda isə orqanizmin bu istirahət prosesi tam başa çatmaya bilər.
Özdemirin sözlərinə görə, yuxu zamanı ürək-damar sistemi bərpa prosesinə keçir. Müntəzəm olaraq az yatmaq gecə ərzində qan təzyiqinin gözlənilən səviyyəyə enməsinə mane ola bilər. Mütəxəssislər xüsusilə gecə 6 saatdan az yatmağın uzunmüddətli perspektivdə yüksək qan təzyiqi riskini artıran amillərdən biri ola biləcəyini bildirirlər.
Dosent doktor Özdemir yuxusuzluğun orqanizmdə stress hormonlarının səviyyəsini artıra biləcəyinə diqqət çəkib. Onun sözlərinə görə, bu, ürək döyüntülərinə və qan təzyiqinə təsir göstərə bilər.
“Orqanizmin uzun müddət oyaq və gərgin vəziyyətdə qalması ürək-damar sistemi üzərində yük yarada bilər. Buna görə də yuxu rejimini ürək sağlamlığından ayrı düşünmək olmaz”, – deyə mütəxəssis qeyd edib.
Mütəxəssislər yataqda keçirilən vaxtın təkbaşına kifayət etmədiyini vurğulayırlar. Gecə ərzində tez-tez oyanmaq, yuxuya getməkdə çətinlik çəkmək, xoruldamaq və ya yuxu apnesi kimi problemlər də orqanizmin kifayət qədər dincəlməsinə mane ola bilər.
Bəzi insanlar 7-8 saat yatdıqlarını düşünsələr də, yuxunun tez-tez bölünməsi səbəbindən keyfiyyətli istirahət baş verməyə bilər.
